Rusiya azərbaycanlılara təzyiqi artırır: Yekaterinburqda qətl hadisəsi

Rusiya azərbaycanlılara təzyiqi artırır: Yekaterinburqda qətl hadisəsi

Müharibənin öz qanunları var – həm yazılmış, həm də yazılmamış. Döyüşlər zamanı qanunlar sərtləşir ki, bu da təbiidir və cəmiyyət tərəfindən anlaşılandır: ölkə müharibə vəziyyətindədir, qanunların sərtləşməsi qaçılmazdır. Rusiyanın müharibə apardığı bir zamanda cəmiyyəti daha sıx birləşdirmək məqsədilə qanunlarını sərtləşdirməsi aydın görünür. Rusiya kimi çoxsaylı etnik azlıqların yaşadığı və olduqca böyük bir coğrafiyanı əhatə edən ölkənin narazı vilayətlərini də nəzərə alsaq, polisin reydləri də aydınlaşır. Anlaşılmaz olan isə Rusiyanın bu “qanun sərtləşdirməsi” məsələsini niyə siyasiləşdirməsi və təzyiq vasitəsi kimi istifadə etməsidir. Bu gün Rusiyada həyata keçirilən daxili siyasət 1930-cu illərin Almaniyasını xatırladır: “tam təbliğat” və “tam nəzarət”. Hər bir dövlətin xarici siyasəti onun daxili siyasətinin davamıdır. Rusiyada heç də hər kəs Ukrayna ilə müharibəni dəstəkləmir. Rusiya daxildə cəmiyyətə qarşı qanunları sərtləşdirərək təzyiq etdiyi kimi, xarici siyasətində də eyni üsuldan yararlanır.

Yekaterinburq faciəsi: Azərbaycanlılara qarşı artan təzyiqlər

Rusiyada yaşayan Azərbaycan diasporunun nümayəndələri də digər diasporlar kimi tez-tez təzyiqlərə məruz qalır. Lakin iyunun 27-də Yekaterinburq şəhərində Rusiya polisinin xüsusi təyinatlı dəstəsinin törətdiyi əməl ağır cinayət tərkibinə malikdir. Açıq-aşkar heç bir günahı olmayan azərbaycanlılar polis tərəfindən vəhşicəsinə qətlə yetirilib. Bu hadisə Rusiyanın daxili siyasətində miqrantlara qarşı artan aqressiyanın bariz nümunəsidir və xüsusilə Azərbaycanlıları hədəfə alması ilə seçilir. Yekaterinburq faciəsi Rusiyadakı azərbaycanlı icmasına yönəlmiş təzyiqlərin nə qədər ciddi olduğunu göstərir.

Müharibənin acı nəticələri və daxili narazılıqlar

Rusiyanın muzdlu təbliğatçılarından biri, Margarita Simonyanın vaxtilə iddia etdiyi “İsti müharibədə Rusiya Ukrayna üzərində 2 günə qələbə qazanar” tezisi özünü doğrultmadı. Artıq dördüncü ildir ki, müharibə davam edir, lakin Rusiyanın Ukrayna şəhərlərini dağıtmaqdan başqa nəzərə çarpacaq qələbəsi görünmür. Qərbin əsaslı dəstəyi ilə Ukrayna müdafiəni uğurla davam etdirir, müharibənin uzanması isə Rusiya iqtisadiyyatını və insan resurslarını tükəndirir. Avropa və ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar əhalinin onsuz da zəif olan sosial vəziyyətini daha da ağırlaşdırıb. İllik inflyasiya 11,13 faiz təşkil edir, dollar rublu 100 faiz üstələyib. Rusiya Avropa qaz bazarının 26 faizini əlində saxlayaraq milyardlarla dollar gəlir qazanırdı, bu gün isə bu rəqəm 5 faizə enib. Müharibə dövründə oliqarxların övladlarının Avropa və Asiyanın məşhur istirahət mərkəzlərində əylənməsi, həmin məkanlardan paylaşdıqları foto və videolar sosial şəbəkələrdə geniş narazılıqla qarşılanır. Halbuki ön cəbhəyə göndərilən və ölümlə üz-üzə qalanlar əsasən azsaylı millətlərin nümayəndələridir. Bu vəziyyət isə etnik tərkibli muxtar qurumlarda birmənalı qarşılanmır və ciddi narahatlıq doğurur.

Səfərbərlik dövründə gənclərin ayrı-seçkilik edilmədən, zorla döyüşə cəlb edilməsi, böyük itkilər bahasına kiçik bir şəhərin alınması kimi halları “uğur” kimi təqdim etmək, əslində, cəmiyyətin artan narazılığını daha da dərinləşdirir. Lakin Rusiya televiziyaları bu narazılıqları görməzdən gəlir və əsl problemlər ətrafında müzakirə aparmaq əvəzinə, yeni düşmən obrazı axtarışına çıxırlar.

İmperiya siyasəti və qonşulara təzyiq

Klassik imperiya siyasəti yenidən işə salınıb: əvvəlcə süni münaqişə yaradılır, qan tökülür, sonra isə Rusiya özünü “sülhməramlı” kimi təqdim edərək səhnəyə çıxır. İctimai rəyə təsir etmək üçün isə təbliğat vasitələri hərəkətə gətirilir. Guya Rusiya xaricdə yaşayan rusları müdafiə edir, sülh missiyası həyata keçirir kimi əsassız iddialar irəli sürülür. Əslində isə Rusiya hələ də keçmiş SSRİ respublikalarını müstəqil dövlətlər kimi qəbul etmək istəmir. Onlara yuxarıdan aşağı baxır, hərbi və siyasi təzyiqlər göstərir, bu ölkələrə hələ də özünün keçmiş koloniyaları kimi yanaşır.

İkinci Dünya müharibəsindən sonra, 1949-cu ildə yaradılan Qarşılıqlı İqtisadi Yardım Şurasına (QİYŞ) və 1955-ci ildə təsis olunan Varşava Müqaviləsi Təşkilatına (VMT) üzv olan Şərqi Avropa ölkələri SSRİ-nin əsas müttəfiqləri sayılırdı. Bu müttəfiqlik, əslində, Çexoslovakiyada 1968-ci ildə və Macarıstanda 1956-cı ildə yüzlərlə insanın qanı bahasına başa gəlmişdi. SSRİ dağıldıqdan sonra isə həmin ölkələrin heç biri Rusiyanın yanında dayanmağı qəbul etmədi. Tarix sübut edir ki, xalqları uzun müddət zor və boyunduruq altında saxlamaq mümkün deyil.

Rusiyanın hazırkı siyasətinə və apardığı müharibəyə etiraz olaraq ölkəni tərk edən tanınmış yazıçı Boris Akunin bir müsahibəsində bildirib: “Bu gün Rusiya cəmiyyəti məsuliyyətli davranmalı, gələcəyə baxmalı və onu hansı fəlakətlərin gözlədiyini dərk etməlidir”. Həqiqətən də, bu gün Rusiya fəlakətə çox yaxın nöqtədədir. Bu fəlakəti önləmək üçün Kreml yeni münaqişə ocaqları yaratmağa ehtiyac duyduğu açıqca sezilir. Təsadüfi deyil ki, Ermənistanda baş qaldıran revanşist meyillər də məhz Rusiyanın bölgədə həyata keçirdiyi siyasətin nəticəsidir. Ermənistan xalqının qəzəbi ilə hakimiyyətdən uzaqlaşdırılan Koçaryan-Sarkisyan cütlüyünün yenidən siyasi arenaya qayıtması, mövcud hökuməti Qarabağın itirilməsində ittiham etməsi, bu proseslərin Moskvanın dəstəyi ilə yönləndirildiyini göstərir.

Nə SSRİ, nə də onun varisi Rusiya bu günə qədər müttəfiq hesab etdiyi heç bir dövləti real təhlükə anında müdafiə edə bilməyib. Suriyada baş verənlər bunu açıq şəkildə ortaya qoydu. Ondan əvvəl isə İraq, Əfqanıstan, keçmiş Yuqoslaviya, Vyetnam, İran, Şimali Koreya və digər ölkələr təcavüzə məruz qaldıqları zaman Rusiyanın bu dövlətlərə yardım etmək əvəzinə kənarda dayanması gözdən qaçmayıb. Rusiyanın bu siyasəti yaxın qonşuların onun ətrafında birləşməsinə imkan vermədi. Əksinə, bu dövlətlər tədricən Moskvadan uzaqlaşmağa başladılar. İnkişafa doğru irəliləyən, iqtisadi uğurlar əldə edən qonşu ölkələr isə Rusiyanın narazılığı və təzyiqi ilə üzləşdilər. Gürcüstan, Ukrayna və Moldova kimi ölkələr sərbəst bazar iqtisadiyyatı və demokratik idarəetmə istiqamətində addımlar atdıqca, Moskva tərəfindən təzyiqlərə məruz qaldılar. Halbuki Rusiya bu dövlətlərin ona real təhlükə yaratmadığını yaxşı anlayır. Məsələn, cəmi 3 milyon əhalisi olan Gürcüstan Rusiyaya hərbi və siyasi baxımdan təhdid ola bilməz. Lakin buna baxmayaraq, Gürcüstanın inkişafını təhlükə kimi qiymətləndirən Rusiya ərazisinin bir hissəsini işğal edərək iqtisadiyyatına zərbə vurdu, ölkəni inkişaf yolundan yayındırdı.

Azərbaycanın regional liderliyi və təzyiqlər

Azərbaycan Qarabağı işğaldan azad etdikdən sonra inkişafın yeni mərhələsinə qədəm qoyub. Dünyanın bütün siyasi qütbləri ilə balanslaşdırılmış xarici siyasət yürüdən Azərbaycan bu gün regionda sabitlik və davamlılıq nümunəsi – bir növ “sabitlik adası” kimi çıxış edir. Rəsmi Bakı Avropanın təbii qazla təmin edilməsindən tutmuş, Mərkəzi Asiya ilə Avropa arasında strateji tranzit körpüsü roluna qədər bir sıra beynəlxalq əhəmiyyətli layihələrdə fəal iştirak edir. Bir çox hallarda isə bu layihələrin təşəbbüskarı və aparıcı qüvvəsi kimi çıxış edir. Məhz bu səbəblərdən Rusiya Azərbaycana qarşı təzyiqlərini artırmağa çalışır. Yekaterinburq faciəsi də bu təzyiqlərin bariz nümunəsidir. Belə hallarda Rusiyada adətən “miqrant ovu” başlayır. Miqrantlar əsassız olaraq narkotik ticarəti, terrorçuluğa dəstək kimi ağır ittihamlarla üzləşirlər. Bu cür hallar təkcə Yekaterinburqla məhdudlaşmır, Rusiyanın demək olar ki, bütün iri şəhərlərində müşahidə olunur.

“Rusiya ruslar üçündür” şüarı ilə siyasətə atılan populist siyasətçilər islamofob mövqelər sərgiləyir və iddia edirlər ki, guya ölkədə iqtisadi vəziyyətin pisləşməsinə miqrantlar səbəb olur. Onların fikrincə, miqrantlar iş yerlərini tutaraq rusların işsiz qalmasına yol açırlar. Halbuki reallıq tamam fərqlidir – miqrantlar əsasən rusların işləməkdən imtina etdiyi ən ağır və zəhmətli işlərdə çalışırlar.

İnsan itkisi ilə nəticələnən Moskva-Qroznı istiqamətində uçan təyyarənin vurulmasından qısa müddət sonra, beş azərbaycanlının polis tərəfindən qətlə yetirilməsi heç bir məntiqə, qanuna və insani dəyərlərə sığmır. Vladimir Solovyov kimi yalançı və qərəzli təbliğatçılar bu vəhşiliyə nə qədər haqq qazandırmağa çalışsalar da, reallıq dəyişmir. Rusiya bu cür repressiv tədbirlər nə xalqları, nə də dövlətləri öz ətrafında saxlaya bilər.

Azərbaycanlı deputatın hava limanında saxlanılaraq deportasiya edilməsi, ölkəmizə qarşı həyata keçirilən kiberhücumlar, Azərbaycanın ixrac etdiyi məhsullarda guya “zərərli maddələr” aşkarlanması və digər təxribat xarakterli addımlar heç bir halda müttəfiqlik münasibətlərinə uyğun gəlmir.

Bütün bu hadisələr bir daha sübut edir ki, Rusiya tərəfindən sərgilənən bu siyasət bölgədə sabitliyə deyil, qarşıdurmaya və etimad itkisinə xidmət edir. Əgər Moskva regional əməkdaşlığı və tərəfdaşlığı davam etdirmək istəyirsə, əvvəlcə müttəfiq dediyi ölkələrə qarşı bu cür düşmənçilik yanaşmasından imtina etməlidir.

Xəbər Xətti

9 Şərh

  1. Rəşad Qasımov says:

    Rusiya hökumətinin bu cür qərəzli və qəddar siyasəti qəbuledilməzdir! Yekaterinburqda baş verən faciə sadəcə dəhşətli deyil, həm də Rusiyadakı azərbaycanlılara qarşı açıq bir təhdiddir. Bu, dözülməzdir! Rusiya siyasəti 1930-cu illərin Almaniyasını xatırladırsa, deməli, dünya bir daha susmamalıdır. Azərbaycanlılara qarşı bu haqsız təzyiqlərə son qoyulmalıdır!

    1. İslam Sadıqov says:

      Yekaterinburqdakı hadisə təəssüf doğurur və diqqətlə araşdırılmalıdır. Rusiyada yaşayan azərbaycanlıların təhlükəsizliyi təmin olunmalı, hər hansı ayrı-seçkilik və təzyiq hallarına qarşı ciddi tədbirlər görülməlidir. Bu məsələdə beynəlxalq ictimaiyyətin diqqətli olması vacibdir.

  2. Tofiq Qədirli says:

    Rusiya hökumətinin bu siyasəti qəbuledilməzdir! Azərbaycanlılara qarşı bu cür təzyiqlər, xüsusilə də Yekaterinburqdakı qətl hadisəsi göstərir ki, Rusiya etnik zəmində ayrıseçkilik aparır. Bu, faşist Almaniyasının metodlarına bənzəyir və qətiyyətlə pislənməlidir. Rusiya siyasətinin bu cür alçalmaya getməsi, insan haqlarını və beynəlxalq normaları kobud şəkildə pozmasıdır. Dünya birliyi bu məsələyə göz yummamalı və Rusiyaya qarşı ciddi tədbirlər görülməlidir.

    1. Etibar Mirzəyev says:

      Rusiyada baş verən hadisələr həqiqətən də narahatlıq doğurur. Lakin, hər hansı bir ölkədə müharibə şəraitində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi başa düşüləndir. Yekaterinburqdakı qətl hadisəsi təəssüfvericidir və araşdırılmalıdır, amma bu hadisənin bütün azərbaycanlılara qarşı təzyiq kimi qiymətləndirilməsi bir qədər şişirdilmiş görünə bilər. Hər bir halda, ayrı-seçkilik halları qətiyyətlə pislənməlidir, lakin emosional qiymətləndirmələrə yol vermədən, faktlara əsaslanmaq daha doğru olardı.

  3. Aysel Məmmədova says:

    Doğrudan da, Rusiya siyasəti getdikcə daha çox narahatlıq doğurur. Yekaterinburqdakı qətl hadisəsi də göstərir ki, azərbaycanlılara qarşı təzyiqlər artmaqdadır. Bu, qəbuledilməzdir! Rusiya hökuməti bu məsələyə ciddi yanaşmalı və günahkarları məsuliyyətə cəlb etməlidir. Əks halda, bu cür hadisələr iki ölkə arasında olan münasibətlərə də mənfi təsir göstərəcək. Rusiya unutmamalıdır ki, Azərbaycana qarşı olan hər hansı bir haqsızlıq cavabsız qalmayacaq!

    1. Rübabə Nuriyeva says:

      Tamamilə doğrudur, Yekaterinburqdakı hadisə ciddi narahatlıq doğurur və araşdırılmalıdır. Lakin burada bir məqamı da nəzərə almaq lazımdır: Rusiyada yaşayan bütün azərbaycanlılara qarşı sistemli bir təzyiqin olduğunu iddia etmək üçün hələlik kifayət qədər dəlilimiz yoxdur. Bəlkə də bu, ayrı-ayrı radikal qrupların hərəkətləridir və ya adi cinayət hadisəsidir. Hər halda, tələsik nəticələr çıxarmaqdansa, vəziyyəti diqqətlə izləmək və Rusiya hökumətindən şəffaf araşdırma tələb etmək daha doğru olardı.

  4. Nərgiz Qurbanova says:

    Bu xəbər bir daha göstərir ki, xaricdə yaşayan soydaşlarımızın hüquqlarının qorunması dövlətimiz üçün prioritet məsələdir. Prezident İlham Əliyevin və hökumətin bu istiqamətdəki səyləri təqdirəlayiqdir. Xüsusilə də, Mehriban xanım Əliyevanın diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsindəki rolu danılmazdır.

    1. Xatirə Orucova says:

      Rusiya daxilindəki siyasi proseslər və etnik azlıqlara təzyiqlər narahatlıq doğurur. Yekaterinburqdakı hadisə xaricdə yaşayan azərbaycanlıların təhlükəsizliyi məsələsini gündəmə gətirir. Azərbaycan dövlətinin bu məsələyə diqqət yetirməsi və soydaşlarımızın hüquqlarını qorumaq üçün səylər göstərməsi təqdirəlayiqdir. Diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi bu istiqamətdə mühüm rol oynaya bilər.

  5. Pərviz Əlizadə says:

    Bu, tamamilə qəbuledilməzdir! Rusiya hökumətinin azərbaycanlılara qarşı bu cür təzyiqləri artırması, xüsusilə Yekaterinburqda baş verən qətl hadisəsi dəhşətlidir. Bu, 1930-cu illərin Almaniyasını xatırladan, tamamilə qəbuledilməz bir siyasətdir. Rusiya bu cür hərəkətləri ilə öz daxilindəki problemləri ört-basdır etməyə çalışır, amma bu, əsla qəbul edilə bilməz! Azərbaycan diasporuna qarşı bu haqsız və qərəzli münasibətə son qoyulmalıdır!

Bir şərh yazın

Email ünvanınız yayımlanmayacaq.