Nurlu Karqo müştəriyə “arzuolunmaz” elan etdi: Hesab bloklanacaq

Nurlu Karqo müştəriyə “arzuolunmaz” elan etdi: Hesab bloklanacaq

Bu dəfə sizə, adı “Nurlu Karqo” olan, lakin fəaliyyətində xoşagəlməz hallara yol verən bir daşınma şirkəti haqqında danışacağıq. Şirkət haqlı etiraz edən müştərini elə bir hədə ilə qarşı-qarşıya qoyub ki, Azərbaycanın daşınma bazarı hələ indiyədək belə bir absurdluqla üzləşməmişdi. Adətən, bir müştərinin bir şikayəti olur, lakin sözügedən Nurlu Karqo cəmi dörd ay kimi qısa müddətdə eyni müştərinin başına üç dəfə problem gətirib.

İlk Qanunsuzluq: Tariflərdəki Fərq

Müştərinin Nurlu Karqo ilə bağlı yaşadığı ilk narazılıq bu ilin may ayında baş verib. Müştəri bağlamasının anbara gəldiyini gördükdə, qiymətin vəd olunandan fərqli şəkildə hesablandığını aşkarlayıb. Belə ki, may ayında rəsmi saytda elan edilən tarifə görə, 1-5 kq arası üçün xidmət haqqı 6 AZN olduğu halda, Nurlu Karqo bağlamanı 9 AZN-dən hesablayıb. Bu etiraza cavab olaraq şirkət, saytdakı tarifin deyil, İnstaqram səhifəsindəki tarifin əsas olduğunu iddia edərək qəbuledilməz bir izahat verib. Xatırladaq ki, oxşar qanun pozuntusuna görə 2023-cü ilin oktyabrında “Antiinhisar” qurumu məhkəməyə müraciət edərək “Bahar Karqo”nu cəzalandırmışdı. Müştəri qanunlara riayət olunmasını və “Antiinhisar”a şikayət edəcəyini bildirdikdə isə şirkət nümayəndələri, nədənsə arxayın şəkildə, qurumu ciddiyə almadıqlarını ifadə ediblər.

Zədələnmiş Bağlama və Məsuliyyətsizlik

Sözügedən şirkətlə bağlı yaşanan ikinci problem isə müştəriyə təqdim edilən bağlamanın sınmış və istifadəyə yararsız vəziyyətə düşməsi ilə bağlı olub. Belə ki, “french press” adlanan məhsul ikiqat qutu ilə qorunduğu halda, sınmış şəkildə təhvil verilib. Şirkət rəsmisi, təbii ki, yenə də məsuliyyəti üzərindən atmağa çalışaraq, bağlamaya görə heç bir halda məsuliyyət daşımadıqlarını bildirib. Qeyd edək ki, müştəri, şirkətin “Neftçilər” filialının əməkdaşlarının bağlamaları qayğısız şəkildə atdığını, bunu həftələr öncə kameraya çəkdiyini və “Antiinhisar”ın cavabından sonra ictimailəşdirməyi düşündüyünü bildirir. Karqo xidməti tərəfindən müştəriyə qırıq şəkildə təhvil verilən məhsulun qutusunun üzərində “Trendyol”un “DİKKAT KIRILIR!” xəbərdarlığı mövcud olub, yəni xüsusi xəbərdarlığa baxmayaraq, bağlama ilə ehtiyatsız davranılıb.

Bağlamaların Yoxa Çıxması və Hesabın Bloklanması Təhdidi

“Nurlu Karqo” müştəriyə yaşatdığı problemləri az hesab edərək, bu dəfə bağlamaları gizlədib və “tap, görüm, hardadır!” deyib. Belə ki, iyul ayının ortalarında “Smart Customs” sistemində qeydiyyatdan keçən üç bağlama bir aya yaxındır ki, hələ də müştəriyə təslim edilməyib. Şirkət müxtəlif bəhanələrlə məsuliyyəti üzərindən ataraq, “bu gün gətiriləcək, sabah gətiriləcək” deyə vaxt qazanır. Müştəri vəziyyətlə barışmayıb etiraz etdikdə isə şirkət daha bir absurd addım ataraq, müştərini “qara siyahıya” salacağını və hesabını bloklayacağını bildirib. Bu isə o deməkdir ki, yolda olan bağlamalar və hesabda olan vəsaitlər avtomatik olaraq ləğv olunur. Belə görünür ki, Nurlu Karqo müştəri problemlərini həll etməyin ən asan yolunu tapıb.

“Nurlu Karqo”nun Arxayınlığı və Hüquqi Müstəvi

Yekunda qeyd etmək lazımdır ki, “Nurlu Karqo” adlı daşınma şirkəti nəyəsə və kiməsə çox arxayındır ki, qanunsuzluqlar rekordunu qırmaqla məşğuldur. Bu aşkar sübutlardan sonra Nurlu Karqo heç bir izah verə, bəhanə gətirə bilməz. Bəlkə də, yoxa çıxartdığı üç bağlamanı küləyin apardığını yaxud qeyri-adi səbəblər olduğunu söyləyə bilər, lakin vəd olunan tarifdən başqa cür hesablanmanın izahını heç cür verə bilməz. Müştərinin müştəri hüquqları ilə bağlı rəsmi şikayəti bir neçə gündür ki, “Antiinhisar”a ünvanlanıb. Əgər ötən ilin oktyabrında eyni qanunsuzluğa görə “Bahar Karqo”ya sanksiya tətbiq edilibsə, məntiqə görə, Nurlu Karqoya da eyni sanksiya tətbiq edilməlidir. Bunun baş verməməsi, “Nurlu Karqo”nun arxayınlığının səbəbsiz olmadığını ortaya qoyacaq. Məsələnin təqibçisi olacağıq.

Xəbər Xətti

5 Şərh

  1. Zülfiyyə sgərova says:

    Bu cür halların baş verməsi təəssüf doğurur. Müştəri məmnuniyyətini qorumaq, xidmət sektorunda çalışan hər bir şirkətin əsas vəzifəsidir. Nurlu Karqonun bu qərarı verməsinə səbəb olan amillər araşdırılmalı, müştəri ilə dialoq qurularaq problemin həlli yolları axtarılmalıdır. Gələcəkdə bu kimi halların təkrarlanmaması üçün şirkət daxilində müştəri xidmətləri sahəsində təkmilləşdirmələr aparılmalı, işçilərin peşəkarlıq səviyyəsi artırılmalıdır. Hər zaman xatırlamalıyıq ki, hər bir müştəri bizim üçün dəyərlidir.

    1. Arzu Əliyeva says:

      Nurlu Karqo”nun müştəri ilə yaşadığı bu problemlər, xidmət sahəsində şəffaflığın və müştəri məmnuniyyətinin nə qədər önəmli olduğunu bir daha göstərir. Tariflərdəki uyğunsuzluq və zədələnmiş bağlama halları qəbuledilməzdir. Şirkət, müştərilərlə daha səmimi və ədalətli münasibət qurmalı, problemləri həll etmək üçün konstruktiv addımlar atmalıdır. Əks halda, müştəri itkisi və şirkət imicinin zədələnməsi qaçılmaz olacaq.

  2. Şəfəq Əsədova says:

    Ay Nurlu Karqo, sən demə müştəriləri də seçirmiş. Yəqin elə bilirlər, ancaq “arzuolunan” müştərilərlə işləsələr, göydən pul yağacaq. Görəsən, arzuolunmaz müştərilərin meyarlarını necə müəyyənləşdirirlər? Birdən biz də “qara siyahı”ya düşərik, onda karqo sifarişlərimizi kimə göndərəcəyik?

    1. Arif Əhmədov says:

      Ay Nurlu Karqo, yəqin müştərilərini də parlaqlığına görə seçir. Birdən elə bilərlər ki, ancaq “nurlu” müştərilərlə işləsələr, biznesləri daha da işıqlanacaq. Amma narahat olmayın, yəqin ki, “qara siyahı”ya düşmək üçün çox adi və “nursuzuq”.

  3. Rübabə Rəhimova says:

    Bu “Nurlu Karqo”nun özbaşınalığına baxın! Müştərini “arzuolunmaz” elan edib, hələ üstəlik hesabını bloklamaqla hədələyirlər. Bu şirkətlər bilməlidirlər ki, qanun hamı üçün eynidir. Belə hallara yol verən hər kəsə qarşı ciddi tədbirlər görülməlidir ki, başqalarına da dərs olsun!

Bir şərh yazın

Email ünvanınız yayımlanmayacaq.