Məmurların İddia Edilən Özbaşınalığı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış şikayət məktubunda vətəndaş Osmanov Azər Nəsib oğlu bəzi məmurların qanunsuz hərəkətləri, özbaşınalıqları və vəzifədən sui-istifadə halları barədə ciddi iddialar irəli sürüb. O bildirib ki, bu cür əməllər dövlət başçısının vətəndaşyönümlü və ədalətli siyasətinə kölgə salır.
Məktubda qeyd olunur ki, Azər Osmanov 2022-ci ilin may ayından etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada İqtisadiyyat şöbəsinin böyük mütəxəssisi vəzifəsində çalışıb və nümunəvi xidmətinə görə mükafatlandırılıb. Lakin Elmar Şərifovun şikayətləri və qurumdakı narahatlıqlar səbəbindən Elnur Səfərlinin və Hasil Abbasovun göstərişi ilə işdən çıxarıldığını iddia edir.
Qazi Sürücünün İstismarı İddiaları
Vətəndaşın sözlərinə görə, 2024-cü ilin iyun ayında Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərlinin göstərişi, İdarə Heyətinin sədr müavini Hasil Abbasovun və digər vəzifəli şəxslərin hədə-qorxu, aldatma və digər üsullarla özlərinin sui-istifadə halları və özbaşınalıqlarını ört-basdır etmək məqsədilə onu işdən azad ediblər. O qeyd edib ki, 2024-cü ilin birinci rübündə şöbəyə sürücü vəzifəsinə götürülən Qarabağ müharibəsi qazisi Elmar Şərifovla dostluq münasibətləri yaranıb. Elmar Şərifov ona mütəmadi olaraq Hasil Abbasov tərəfindən istismara məruz qaldığını bildirib. İddialara görə, Hasil Abbasov gecə saatlarında demək olar ki, hər gün onu müxtəlif kafe, bar, restoran, hotel və digər iaşə obyektlərinə çağırır, ondan ayıq sürücü kimi istifadə edir və bəzi “xidmətlər” göstərən şəxslərlə vasitəçi qismində fəaliyyət göstərirmiş. Həmçinin, gündüzlər onun ailə sürücüsü kimi fəaliyyət göstərdiyi, Hasil Abbasovun özünün, qaynının, qaynanasının və digər qohumlarının evlərini artıq öz ünvanı kimi tanıdığı vurğulanıb.
Məktubda bildirilir ki, Elmar Şərifov qurumun “Mercedes E 240” markalı, 90-AU-790 dövlət qeydiyyat nişanlı avtomobilini əməkdaşları DOST Mərkəzinə və xidməti binalara aparmaq üçün istifadə etməli olsa da, həmin avtomobil və ona ayrılan yanacaq faktiki olaraq yalnız Hasil Abbasovun şəxsi işlərinə və gecə həyatına sərf edilib. Elmar Şərifovun istismarı səbəbindən qurumun binasında az hallarda olduğu, yalnız bir neçə əməkdaşla ünsiyyətdə olduğu qeyd olunub. Avtomobillə bağlı inzibati xəta protokolları və qəza hadisəsi baş verdikdən sonra Elmar Şərifovun əmək müqaviləsi uzadılmayıb və o, işdən çıxarılıb. Bundan sonra Elmar Şərifov müxtəlif instansiyalara şikayət etməyə başlayıb və qalmaqal yaranıb.
Maliyyə Pozuntuları və İşdən Çıxarmalar
Azər Osmanovun sözlərinə görə, Elmar Şərifovun şikayətlərindən sonra bu hadisələrin izini itirmək və şahidləri təmizləmək məqsədilə Hasil Abbasov və Elnur Səfərlinin göstərişi ilə Elmar Şərifovla ünsiyyətdə olan bütün əməkdaşları müxtəlif bəhanələrlə işdən çıxarmağa başlayıblar. Onlar əvvəlcə şöbə müdiri K.Rəhimovu hədə-qorxu və təzyiq altında işdən çıxarıblar. Daha sonra isə Azər Osmanov özünün də Hasil Abbasov və Elnur Səfərli tərəfindən hədələndiyini, işdən çıxmaq üçün ərizə yazmağa məcbur edildiyini bildirib. Hasil Abbasov onu inandırmağa çalışıb ki, ərizə yazıb heç yerə şikayət etmədiyi halda, onu İqtisadiyyat Nazirliyinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Agentliyinə və ya özü transfer olunacağı təqdirdə Dövlət Məşğulluq Agentliyinə işə düzəldəcək. Hədə-qorxu ondan ibarət olub ki, guya qurumun maliyyə-təsərrüfat və anbar təsərrüfatında onun əmək funksiyaları ilə bağlı çatışmazlıqlar var və ərizə yazmadığı halda Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə işdən çıxarılacaq.
Osmanov qeyd edib ki, qurumun maliyyə-mühasibat uçotunda və təsərrüfatında mövcud olan bütün çatışmazlıqlar məhz Hasil Abbasov və Elnur Səfərlinin tamahı, sui-istifadə halları və dövlət əmlakını şəxsi məqsədləri üçün istifadəsi ilə bağlıdır. Misal olaraq, 9012 manat dəyərində 3 ədəd yüksək texniki göstəricilərə malik, o cümlədən 13 QHD (2880×1920) IPS 120 Hz ekranlı, İntel Core i5 – 1145G7 prosessorlu və 8 GB LPDDR4 RAM-a sahib planşetlərin, həmçinin elektron qələm, klaviatura və çantaların qurumun büdcəsi hesabına alındığı, lakin şəxsi məqsədlər üçün istifadə edildiyi iddia olunur. Hətta bu planşetlərdən birinin Elnur Səfərlinin tapşırığı ilə Sadiq Əliyevə təhvil verildiyi də qeyd olunub.
Dövlət Vəsaitlərinin Yersiz Xərclənməsi İddiaları
Şikayətdə bildirilir ki, 2022-ci il ərzində “Azpetrol Ltd” MMC-yə benzin yanacağının alınması üçün 7475,20 manat məbləğində vəsait xərclənib. Halbuki, qurumun regionlarda filialı və ya nümayəndəliyi yoxdur və birbaşa vətəndaşlara xidmət göstərmir. Eyni ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş xidməti minik avtomobilləri üçün yürüş həddi normalarına düzgün əməl olunmaması nəticəsində qurumun istifadəsində olan 2 avtomobil üzrə 595,80 manat dəyərində 297,90 litr benzin artıq silindiyi qeyd olunur. “Toyota Camry” markalı 99 PT 642 nömrə nişanlı avtomobilin müvafiq ezamiyyə əmrləri olmadan inzibati ərazidən kənarda, Şamaxı və Hacıqabul rayonlarında olduğu və 186 manat dəyərində premium markalı benzin sərf edildiyi vurğulanır.
Bundan əlavə, 2022-ci ildə Observatoriyanın 3 illik yubileyi adı altında minlərlə manat dövlət vəsaitinin israf edildiyi qeyd olunur. Müxtəlif təchizatçılara çap materialları, dəftərxana ləvazimatları, tədbirin təşkili, videoçəkiliş aparılması və s. adlar altında vəsaitlər silinib. Halbuki, qurum 2020-ci ilin martın 25-də yaradıldığı üçün 2022-ci ildə cəmi 2 yaşı olub və 3 illiyi tamamlanmayıb. Şübhəli və mübahisəli, hətta müvafiq dövlət orqanının qərarı ilə bir neçə dəfə ləğv edilmiş tenderlər nəticəsində anbara daxil olmayan mallar üçün ödənişlərin aparıldığı, elektron qaimələrin ödənildiyi, nəticədə anbar uçotunda çatışmazlıqların yarandığı, bu çatışmazlıqları bir-birinin üzərinə atmağa cəhd edildiyi və bu mümkün olmadıqda mütəxəssis heyətinin adına yazılmağa çalışıldığı iddia edilir.
Elnur Səfərlinin təşəbbüsü ilə 200 min manatdan artıq vəsaitin imtahan mərkəzinin yaradılmasına və kompyuter avadanlıqlarının alınmasına xərcləndiyi, halbuki belə imtahanların Observatoriyanın mandatına uyğun olmadığı və DOST mərkəzlərinin infrastrukturunun kifayət etdiyi bildirilib. Nazirliyin özünün maliyyə monitorinqi nəticələrinə əsasən Milli Observatoriyada maliyyə çatışmazlığının və uyğunsuzluğunun 82,3 faiz həddində olduğu vurğulanır. Məhz bu səbəbdən qurumun zərərlə işlədiyi və dövlət büdcəsinə, habelə İşsizlikdən Sığorta Fonduna yük olmağa davam etdiyi qeyd edilib. Bu isə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tələbləri ilə ziddiyyət təşkil edir.
Prezidentə Müraciət
Şikayət müəllifi Azər Osmanov Prezidentə müraciətində bildirib ki, qazi Elmar Şərifovun başına gətirilənlər, habelə adıçəkilən şəxslərin sui-istifadə halları və hadisələrin izini itirmək məqsədilə şahidləri işdən çıxarmaq cəhdləri bu ölkənin qətiyyətli, müdrik və ədalətli dövlət başçısının varlığını unutduqlarını göstərir.
O, Qarabağda aparılan tikinti-quruculuq və abadlıq işləri fonunda hər bir qəpik dövlət vəsaitinin xüsusilə dəyərli olduğunu vurğulayıb və məmurların bu vəsaitlərə qənaətlə, həssaslıqla yanaşmasının vacibliyini qeyd edib. Osmanov adıçəkilən məmurların bunu anlamadığını, əksinə təcrübəli, peşəkar və dürüst əməkdaşları işsiz qoyduğunu bildirib. O, Azərbaycan vətəndaşı kimi qeyd olunan halların Prezidentin şəxsi nəzarətinə götürülməsini xahiş edib.