Balakən rayon sakinləri son dövrlər tibbi sığorta çərçivəsində göstərilən xidmətlərdən tam istifadə etməkdə çətinlik çəkdiklərini bildirirlər. Vətəndaşların şikayətlərinə görə, Balakən Mərkəzi Xəstəxanası laboratoriya analizləri və ultrasəs müayinəsi (UZİ) üçün onları özəl “AYMED” Klinikasına yönləndirir. Bu vəziyyət, sakinlərin icbari tibbi sığorta vasitəsilə pulsuz əldə etməli olduqları xidmətlər üçün nəğd ödəniş etməyə məcbur qalmasına səbəb olur.
Tibbi Sığorta Çərçivəsində Yaranan Problemlər
Sakinlərin sözlərinə görə, Balakən Mərkəzi Xəstəxanasında qeydiyyata düşən hər bir vətəndaşdan 1 manat məcburi ödəniş tələb edilir. Bununla yanaşı, qan analizlərinin bir qisminin Mərkəzi Xəstəxanada aparılmadığı bəhanə edilərək, vətəndaşlar “AYMED” Klinikasına istiqamətləndirilir. “AYMED” Klinikasında laborator və UZİ müayinələri üçün əhaliyə ödənişli xidmətlər təklif olunur. Qiymətlər belədir:
- Qalxanabənzər vəzin yoxlanması – 20 AZN
- Qanda qlükozanın yoxlanması (gizli şəkər) – 25 AZN
- Tam optimal müayinə – 30 AZN
- Exo Kardioqramma – 50 AZN
- Anti CCP – 42 AZN
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (TƏBİB) təşəbbüsləri nəticəsində dövlət xəstəxanalarında yuxarıda qeyd edilən analizlərin hər biri üçün lazımi şəraitin yaradıldığı məlum olsa da, Balakən Mərkəzi Xəstəxanasındakı vəziyyətin fərqli olduğu iddia edilir.
Şəxsi Klinika İlə Gizli Razılaşma İddiaları
Sakinlərin narazılığına səbəb olan əsas məqamlardan biri də Balakən Mərkəzi Xəstəxanasının keçmiş UZİ həkimi Elşən Kərimovla bağlıdır. İddialara görə, icbari tibbi sığortanın tətbiqindən sonra xəstəxana alternativ gəlir mənbələri axtarışına çıxıb və bu çərçivədə “AYMED” Klinikası ilə gizli sövdələşmənin əldə edildiyi irəli sürülür. Mənbələr bildirir ki, Mərkəzi Xəstəxanada lazımi avadanlıqların olmasına baxmayaraq, xəstələr “AYMED” özəl klinikasına yönləndirilir. Bu, klinika rəhbərliyinin Balakən Mərkəzi Xəstəxanasının rəhbəri Dilbər Quliyeva ilə əlaqələri sayəsində baş verir. Bundan əlavə, Mərkəzi Xəstəxana və özəl klinikanın həkimlərinin reseptlərə müəyyən dərman şirkətlərinin məhsullarını yazaraq, öncədən razılaşdıqları firmalardan aylıq və ya birdəfəlik faizlər əldə etdikləri barədə də etibarlı məlumatlar mövcuddur.
Ən əsası da, “AYMED” Klinikasının fəaliyyətə başlamasından sonra Elşən Kərimov Mərkəzi Xəstəxanadan ora keçib və xəstəxanadakı UZİ aparatının da “AYMED” Klinikasına aparıldığı bildirilir. Bu dəyişikliklər sakinlərin tibbi sığorta çərçivəsində pulsuz müayinə və müalicə almaq imkanlarını daha da məhdudlaşdırıb.
Vətəndaşların Çağırışı
Balakən sakinləri mövcud vəziyyətdən ciddi narazılıq edərək, icbari tibbi sığorta sisteminin effektiv işləmədiyini vurğulayırlar. Onlar aidiyyəti qurumlardan bu problemi aradan qaldırmaq, vətəndaşların tibbi sığorta vasitəsilə pulsuz tibbi xidmətlərə tam və maneəsiz şəkildə çatımlılığını təmin etmək üçün təcili addımlar atılmasını tələb edirlər.