Azərbaycanın bugünkü reallığında, bir tərəfdə vicdanlı və savadlı tibb işçiləri cəmiyyətə fayda vermək üçün gecə-gündüz fəaliyyət göstərərkən, digər tərəfdə heç bir peşə etikasına riayət etməyən, saxta sənədlərin arxasında gizlənənlər insanların həyatını təhlükəyə atırlar. Bu acı vəziyyətin bariz nümunələrindən biri kimi “Uğur 777” klinikası və onun rəhbəri Xəyalə İsmayılova göstərilir.
Estetik əməliyyatlar pərdəsi altında saxtakarlıq
Bu gün “estetik əməliyyatlar” adı altında qadınlara qarşı aparılan saxtakarlıq, təkcə səhiyyə sahəsi üçün deyil, insanlıq dəyərləri adına da böyük bir ləkədir. Sponsorlu reklamlar və “endirim kampaniyası” adı altında, maddi imkanları məhdud qadınların bədənində və ruhunda dərin izlər buraxan bu klinika, əslində estetik mərkəz yox, məsuliyyətsizliyin və vicdansızlığın ünvanına çevrilib.
Xəyalə İsmayılova “həkim” adını daşısa da, onun diplomu və ya təhsil aldığı müəssisə haqqında ictimaiyyətə şəffaf məlumat verilmir. Təsdiqsiz diplomlar, qeyri-rəsmi sertifikatlar və mediada yalançı təsdiqlərlə insanları aldatmağa çalışan bu şəxsin əməlləri sadəcə hüquqi deyil, həm də mənəvi cinayət hesab olunur.
Qurbanların çarəsizliyi və təhdidlər
Daha da acınacaqlısı, bu “həkim”in əməliyyat nəticəsində zərər çəkən qadınlara qarşı ikinci, bəzən isə üçüncü dəfə cərrahi müdaxilə etməsidir. Bu, onların həm fiziki, həm də psixoloji vəziyyətini daha da ağırlaşdırır. Nəticədə, zərərçəkənlər bədənlərində silinməyəcək izlər, əzab və utanc hissi ilə yaşamağa məhkum olurlar.
Şikayət edən qadınlara qarşı istifadə edilən təhdidlər – “hara istəyirsən, şikayət et”, “pulları verib şikayəti sildirəcəm” kimi cümlələr, təkcə hüquqi deyil, həm də insani dəyərlərə qarşı açıq bir hücumdur. Vətəndaşları təhqir edən “sanitar” Sənan kimi şəxslərin də bu sistemin tərkib hissəsi olaraq qadınlara qarşı kobud və alçaldıcı ifadələr işlətməsi, “Uğur 777” klinikasının idarəçiliyinin hansı səviyyədə olduğunu bir daha sübut edir. Xəyalə İsmayılovanın “müştəri” deyil, “qurban” axtarışı, onun əsas məqsədinin müalicə deyil, mənfəət olduğunu aydın şəkildə ortaya qoyur.
Qanun qarşısında susqunluq: Niyə hüquqi addımlar atılmır?
Ortaya çıxan bu qədər şikayət və sübut qarşısında hələ də niyə hüquqi addımlar atılmadığı sual doğurur. Niyə bu qadının saxta fəaliyyətinə göz yumulur? Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və digər aidiyyəti qurumlar bu məsələdə niyə susqunluq nümayiş etdirir?
Bu utancverici vəziyyətə son qoyulmalıdır. Klinika zərərçəkən hər bir qadının səsi eşidilməli, onların hüquqları qorunmalı və məsul şəxslər qanun qarşısında cavab verməlidir. Həyat və sağlamlıq oyuncağa çevrilə bilməz. Vicdanı olan hər kəs bu məsələdə susmamalı, haqsızlığın qarşısında dura bilməlidir.
Qeyd edək ki, Xəyalə İsmayılovanın pafoslu özünü müdafiəsi təsdiqini tapmayıb. Səhiyyə Nazirliyi tərəfindən aparılan araşdırmada onun sözçülərinin iddialarının əksinə olaraq, Nazirliyin yaydığı rəsmi həkim siyahısında adına rast gəlinməyib. Unutmayın: susmaq, bu cinayətin bir parçası olmaq deməkdir.
Mövzunu diqqətdə saxlayaraq, məsələ ilə bağlı zərərçəkmişlərin video müsahibələrini növbəti araşdırmalarımızda təqdim edəcəyik.