Şəffaflığın Təhdidi: Azercell-dən Gözlənilməz Addım
“Azercell Telekom” şirkəti 2023 və 2024-cü illərə dair maliyyə hesabatlarını hələ də ictimaiyyətə təqdim etməyib. Üstəlik, daha əvvəl rəsmi saytında yerləşdirilən 1996–2022-ci illərə aid maliyyə hesabatları da silinib. Şirkətin bu addımı şəffaflıq prinsiplərinə şübhə doğurur və “nəyi gizlədir” sualını gündəmə gətirir.
Mütəxəssis Rəyi və Keçmiş Vədlər
Məsələ ilə bağlı mütəxəssislər ciddi narahatlıqlarını ifadə edirlər. Onların fikrincə, Azercell-in maliyyə hesabatlarını açıqlamamaq qərarı tamamilə yanlışdır, çünki şəffaflıq baxımından bu hesabatların hər il dərc edilməsi vacibdir. Şirkətin müştəri xidmətlərinə edilən müraciətlər də nəticəsiz qalıb, əvvəlki illərdə texniki səbəblərlə izah edilən gecikmə indi tamamilə susqunluqla əvəzlənib.
Bu addım Azercell-in gəlirli fəaliyyətini gizlətmək cəhdi kimi qiymətləndirilə bilər. Maliyyə hesabatlarının gizlədilməsi, xüsusilə də 2018-ci ildə TeliaSonera-ya məxsus 51%-lik səhmlər Azərbaycan dövlətinə (AzinTelecom) keçdikdən sonra daha böyük əhəmiyyət kəsb edir. Həmin vaxt şirkətin gəlirli olduğu təqdirdə yenidən özəlləşdirilməsi planlaşdırılırdı. Lakin ötən yeddi il ərzində bu istiqamətdə heç bir addım atılmayıb.
Xidmət Keyfiyyəti və Rəqabətsizlik
Mütəxəssislər hesab edirlər ki, məhz bu qeyri-müəyyənlik və rəqabət mühitinin olmaması mobil operatorun xidmət keyfiyyətinin aşağı düşməsinə və qiymətlərin artmasına səbəb olub. Hazırda ölkənin ən bahalı mobil operatoru olmasına baxmayaraq, internet sürəti və tarif şərtləri rəqiblərindən xeyli geridə qalır. Ümumi xidmət səviyyəsi isə olduqca aşağı qiymətləndirilir.
Qarşı tərəfi dinləməyə hazırıq.