Bakının mərkəzində hüquqi normaların kobud şəkildə pozulması və insan haqlarına qarşı yönəlmiş iddialarla bağlı qalmaqallı hadisə ictimai diqqət mərkəzindədir. 70 yaşlı Valeh Şirəliyev son 20 ildə icarəsində olan, 15 sot torpaq sahəsindəki 800 kvadratmetrlik tikilisinin hədə və zorakılıqla əlindən alınmağa çalışıldığını iddia edir. Onun sözlərinə görə, Abbasov Hafiz Heydər oğlu, Məmmədov Namiq Teymur oğlu və onlara dəstək verən Zərifə Quliyeva kimi şəxslər onu və ailəsini fiziki zorakılıqla təhdid edərək ərazini tərk etməyi tələb ediblər.
Sahibkara edilən təhdidlər və mülkiyyət iddiaları
Sahibkar bildirir ki, adıçəkilən şəxslər “KASPİ” MMC-nin adından çıxış edərək həmin əraziyə heç bir hüquqi əsası olmayan iddia irəli sürüblər. İlkin mərhələdə yalnız ərazidən çıxmaq tələb olunsa da, sonradan təzyiqlər artıb və ailəsinə qarşı təhlükələr yaranıb. Hafiz Abbasov bu addımları Zərifə Quliyeva tərəfindən atıldığını bəyan edib. Hadisənin bir epizodunda isə Zərifə Quliyeva özü, hüquq-mühafizə əməkdaşlarının iştirakı ilə sahibkar ərazidə olarkən onun telefonunu əlindən alıb, səsyazma etməsinə mane olub. Bu, mülki və şəxsi toxunulmazlığa birbaşa müdaxilə kimi qiymətləndirilir. Prosesdə Zərifə Quliyevanın rolu xüsusi vurğulanır.
“Qarakəmər əməliyyatı”nı xatırladan ssenari
Ölkədə bir zamanlar baş verən oxşar hadisələr Valeh Şirəliyevə yaşatılanları xatırladır. O bildirir ki, dəfələrlə edilən təzyiqlər nəticəsində ərazini 500 min manat qarşılığında təhvil verməyə razılaşıb. Lakin müstəqil ekspertiza həmin ərazidəki tikililərin və torpağın dəyərini minimum 640 min manat olaraq qiymətləndirib. Bu, satışı qanunsuz və dəyərindən aşağı qiymətə həyata keçirmək məqsədilə qurulmuş aldatma ssenarisini təsdiqləyir.
Həmin ərazinin Ağ Şəhər layihəsinə daxil edilməsi də bu şəxslərin planını açıq şəkildə göstərir. Onlar ərazini ucuz qiymətə əldə edib, sonradan milyonlarla manat dəyərində satmağı planlaşdırıblar. Hətta 2 milyon 100 min manat qarşılığında qanunsuz çıxarışlarla ərazini satışa çıxardıqları barədə məlumatlar da mövcuddur.
Vədlərə əməl etməyən şəxslər
Valeh Şirəliyev qeyd edir ki, razılaşmaya əsasən ona 250 min manatlıq mənzil və əlavə olaraq 250 min manat pul vəd olunub. Lakin notariat kontorundan çıxdıqdan sonra Hafiz və Namiq bu razılaşmalardan imtina edərək, “heç bir razılaşma olmayıb” deyə iddialar səsləndiriblər. Bu hal təkcə hüquqi deyil, həm də əxlaqi prinsiplərin pozulmasıdır.
Bələdiyyə sədrinin mübahisədəki mövqeyi
Narahatedici məqam odur ki, ərazinin aid olduğu bələdiyyə sədri də Hafiz, Namiq və Zərifə Quliyeva tərəfindən dəstəklənərək, sahibkarın xəbəri olmadan icarə müqaviləsinə birtərəfli xitam verib. Bu hərəkət mülki hüquq normalarına, Mülki Məcəlləyə və konstitusion prinsiplərə tamamilə ziddir.
Fiziki zorakılıq və oğurluq iddiaları
Şikayətçi bildirir ki, sonradan hadisəyə Məmmədov Orucəli Məhəmməd oğlu da qoşularaq özünü SOCAR əməkdaşı kimi təqdim edib və 50 min manat qarşılığında sahibkar üçün Mehriban Əliyevanın qəbulunu təşkil edəcəyini vəd edib. Lakin bu görüş baş tutmayıb. O, bu şərtlərlə razılaşmadıqda fiziki zorakılığa məruz qalıb. İddialara görə, Orucəli və dəstəsində olan Niyaməddin və Rauf adlı şəxslər onu döyərək maşından əraziyə atıblar.
Valeh Şirəliyev hadisənin detallarını tam xatırlamasa da, onu işçiləri yerdən taparaq iş yerinə gətiriblər. Polisə müraciət olunub, lakin məsələ “bizim səlahiyyətimizdə deyil” cavabı ilə digər şöbələrə yönləndirilib və işin obyektiv araşdırılması ləngidilib. Həmçinin, şəxsiyyət vəsiqəsinin gecikdirilməsi nəticəsində tibbi ekspertizaya getməsi də uzanıb.
Dövlət başçısına müraciət
Valeh Şirəliyev bu mürəkkəb və təzyiqlərlə dolu vəziyyətlə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. O, mərhum Prezident Heydər Əliyevin qohumu olduğunu əsas gətirən şəxslərin özünü və ailəsini təhdid etdiyini və sahibkarlıq fəaliyyətinə ciddi maneələr yaratdığını vurğulayıb.
Bu günə qədər ərazinin 8 sotuna qanunsuz çıxarış çıxarılaraq satılmasına baxmayaraq, qalan 15 sotun boşaldılması üçün də kommersiya məhkəməsinə müraciət olunub. Bu hal, hüquqi dövlət prinsiplərinə, demokratik idarəçiliyə və şəhərsalma prinsiplərinə qarşı açıq təhdid kimi qiymətləndirilir.
Hüquqi vəziyyət və qanunun tələbləri
Qanunvericiliyə görə, icarə müqaviləsi qüvvədə olduğu halda, həmin əraziyə başqa şəxsə çıxarış verilməsi üçün ya icarə müqaviləsinin ləğvi, ya da icarəçinin razılığı tələb olunur. Bu şərtlər yerinə yetirilmədikdə, ərazinin başqa şəxsə verilməsi qanunsuzdur və qeydiyyat orqanlarının səlahiyyətlərini aşması deməkdir.
Ərazi “Ağ Şəhər” layihəsinə daxil edilsə belə, bu yalnız dövlət ehtiyacları üçün mümkün ola bilər və bu halda ədalətli kompensasiya verilməsi (Konstitusiyanın 29-cu maddəsinə əsasən) məcburidir.
Bu hadisə bir vətəndaşın hüquqlarının necə sistematik şəkildə pozulduğunu, hüquq-mühafizə orqanlarının isə bu proseslərə ya laqeyd qaldığını, ya da qərəzli davrandığını açıq şəkildə göstərir. Hadisə geniş ictimai diqqətə və dövlətin ciddi reaksiyasına ehtiyac duyur. Çünki bu, təkcə bir sahibkarın deyil, bütöv cəmiyyətin hüquq təhlükəsizliyinə yönəlmiş bir təhdiddir. Zərifə Quliyeva və digər adları hallanan şəxslərin bu prosesdəki rolu araşdırılmalıdır.