Bakı, 27 iyun
İran səfirinin əsassız iddialarına Bakıdan kəskin reaksiya
İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sobhaninin Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməsi, yəni İsrail dronlarının Azərbaycan ərazisindən hücum həyata keçirməsi barədə səsləndirdiyi əsassız və təxribat xarakterli iddialar qətiyyətlə rədd edilir.
XİN: Bəyanatlar münasibətlərə xələl gətirir
Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə, Mehdi Sobhaninin guya İrana qarşı istifadə edilməsi ilə bağlı əsassız iddialarını şərh edərkən bildirib ki, bu cür bəyanatlar Azərbaycan və İran arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmətə, daxili işlərə qarışmamağa əsaslanan münasibətlərə xələl gətirir. Hacızadə vurğulayıb ki, Azərbaycan Prezidentinin İran Prezidenti ilə bu yaxınlarda telefon danışığı zamanı, eləcə də xarici işlər nazirinin həmkarı ilə telefon danışığı zamanı müvafiq qaydada izah etdiyi mövqe fonunda səfirin iddiaları açıq təxribat kimi qiymətləndirilir.
Azərbaycan ərazisinin hərbi əməliyyatlar üçün istifadəsi təkzib edilir
XİN rəsmisi vurğulayıb ki, Azərbaycan Respublikası onun hava məkanının və ya Azərbaycan ərazisinin hər hansı dövlət tərəfindən qonşu İran İslam Respublikasına və ya hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməsi ilə bağlı iddiaları qəti şəkildə təkzib edir. Bu cür iddialar əsassızdır və bu barədə heç bir mötəbər sübut yoxdur. Rəsmi Bakı İran tərəfindən münasibətlərin ruhuna uyğun olmayan bu kimi addımların qarşısının alınmasını, həmçinin ölkəsini təmsil etməkdənsə, mütəmadi olaraq ermənipərəst mövqe nümayiş etdirən səfirin səsləndirdiyi fikirlərlə bağlı lazımi addımların atılmasını gözləyir. Bu cür bəyanatlar beynəlxalq diplomatiya prinsiplərinə ziddir.