Qəzalı Evdə Təhlükəli Həyat: Vətən Qarşısında Xidmətləri Olan Ailənin Dramı
Yardımlı rayonu, Bozayran kənd sakini, Əmək veteranı, 2-ci qrup əlil, yataq xəstəsi olan 87 yaşlı ana Gültamam Bədirova Zərbi qızı yaşayış şəraiti ilə bağlı ölkə rəhbərliyinə və əlaqədar təşkilatlara müraciət edib. Media orqanlarına göndərilən müraciətdə bildirilir ki, Gültamam Bədirovanın yaşadığı 3 otaqlı ev tamamilə qəzalı vəziyyətdədir və yaşamaq üçün yararsızdır. Qeyd olunur ki, evin arxasından və içərisindən bir neçə yerdən vurulmuş dayaqlar belə evin uçmasının qarşısını almaqda acizdir. Son vaxtlar tez-tez baş verən yeraltı təkanlar və zəlzələlər evdə yaşayışı ciddi təhlükəli edib. Vətəndaşın sözlərinə görə, 2024-cü il may ayının 11-də 6 bala yaxın, 5,3 bal gücündə baş vermiş güclü yeraltı təkanlar və zəlzələlər nəticəsində ev tamamilə yararsız vəziyyətə düşüb. “Həmin evdə mən, oğlum, gəlinim və bir az yaşlı nəvəm yaşayır. Qorxumuzdan axşamlar gəlinimin atasının evində yaşayırıq. Bizim ev tikmək imkanımız da yoxdur. Ailəmiz yalnız mənim aldığım pensiya ilə yaşayır”, – deyə Gültamam Bədirovanın müraciətində qeyd olunur.
Zəlzələ evi yararsız edib, İcra Hakimiyyəti isə…
Məlum zəlzələdən bir qədər sonra, 2024-cü il iyunun 9-da Rayon İcra Hakimiyyəti başçısının I müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Azər Xamiyevin başçılığı ilə mütəxəssislər evə baxış keçiriblər. Mütəxəssislərin tərtib etdiyi aktda evin həqiqətən də yararsız vəziyyətdə olduğu və orada yaşamağın təhlükəli olduğu göstərilib. Bu akta əsasən, İcra Hakimiyyəti adından Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin sədri Cəbrayıl Xanlarova məktub ünvanlanıb. Halbuki, tərtib edilən akt və müvafiq sənədlər birbaşa Fövqəladə Hallar Nazirinə göndərilməli idi. Maraqlıdır ki, Rayon İcra Hakimiyyəti başçısının I müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Azər Xamiyev bildirib ki, “biz qorxuruq, birbaşa nazirə məktub yaza bilmərik”. Əgər İcra Hakimiyyəti Gültamam Bədirova kimi vətəndaşların həyatının təhlükədə olması ilə bağlı hər hansı bir problemini yuxarı orqanlara çatdıra bilmirsə, niyə həmin vəzifədə oturur? Həmçinin, Azər Xamiyev tərəfindən Cəbrayıl Xanlarova ünvanlanan məktubu o, müavini Elxan Əsədova yönləndirib.
Fövqəladə Hallar Nazirliyinin müəmmalı cavabı
Elxan Əsədov isə cavab məktubunda vətəndaşın şikayət ərizəsinə 2024-cü il iyunun 20-də Agentlikdə baxıldığını qeyd edib. Lakin Gültamam Bədirovaya cavab 1 il əvvəldən, yəni 2023-cü il iyulun 15-i tarixdə ünvanlanıb. Görünür, Elxan Əsədov nümunəvi şablondan istifadə edərək, sadəcə vətəndaşın soyadını, adını və atasının adını dəyişərək cavab göndərib. Həmçinin, Elxan Əsədovun sonrakı cavab məktubunda göstərilir ki, Nazirlik və onun qurumu olan Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi kütləvi xarakterli fövqəladə hal baş verdikdə yalnız yuxarı mərkəzi icra hakimiyyəti orqanının tapşırıqları əsasında bu istiqamətdə tədbirlər həyata keçirə bilər. Görəsən, Əsədov yuxarı icra orqanı dedikdə nəyi nəzərdə tutur? Elxan Əsədov məktubda onu da qeyd edir ki, Mənzil Məcəlləsinin 28-ci maddəsinə uyğun olaraq, təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşmüş mənzilin və ya fərdi yaşayış evinin təmir və bərpa edilməsi mülkiyyətçi tərəfindən həyata keçirilməlidir. İndiki halda da ev vətəndaşdan asılı olmayan səbəbdən, yəni zəlzələ nəticəsində qəzalı vəziyyətə düşüb. Bu vəziyyətdə müvafiq məsuliyyət daşıyan şəxslərin addımları qeyd edilməlidir.
Evi başına uçan Ana qəhrəmanlar böyüdüb
Onu da bildirək ki, bu gün adi insan yaşayışına yararsız hala düşən bu evdə dövlət və Vətən qarşısında xidmətləri olan oğullar böyüyüb. Gültamam Bədirovanın böyük oğlu hərbçi olub, 13 ildir xəstəliklə əlaqədar ehtiyatda olan zabitdir. O, Birinci Qarabağ müharibəsinin iştirakçısı, 2-ci qrup hərbi əlildir, 1991-1992-ci illərdə Şuşa və Daşaltı döyüşlərində iştirak etmişdir. Dövlət qarşısındakı xidmətlərinə görə Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən təltif edilmişdir. Bu gün təhlükə altında yaşayan xanım həm də qəhrəman nənəsidir. Bu evdə böyüyən nəvəsi Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Xocavəndin, Şuşanın və Cəbrayılın işğaldan azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Döyüşlərdə fərqləndiyi və göstərdiyi şücaətinə görə ona döyüş zamanı baş leytenant hərbi rütbəsi verilmişdir. 2023-cü il sentyabrın 19-20-də AR Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı ilk strateji yüksəkliyin əldə edilməsində komandir kimi döyüşü həyata keçirən kapitan rütbəli nəvənin nənəsi indi məmur laqeydliyi ilə üz-üzə qalıb.
Pənah yeri Prezidentdir
Qəhrəmanlar böyüdən, bu gün isə evi başına uçmaq təhlükəsi ilə üz-üzə qalan ana Gültamam Bədirova kömək üçün Prezidentə üz tutub: “Ailəmizin dövlət qarşısında xidmətlərini, həmin evdə 2 nəfər müharibə iştirakçısı və qazinin doğulduğu evdə gələcəkdə baş verəcək hər hansı bədbəxt hadisənin və təhlükənin qarşısını vaxtında almaq məqsədilə aidiyyəti üzrə göstəriş verməyinizi Sizdən xahiş edirəm”.