Bakıda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq və terrorçuluğu maliyyələşdirmə maddələri ilə və digər ağır cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşı Ruben Vardanyanın işi üzrə məhkəmə prosesi iyulun 15-də davam etdirilib.
Məhkəmə prosesinin gedişatı
Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi, Anar Rzayev və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs öz bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün seçdiyi vəkillə təmin olunub. Hakim Zeynal Ağayev dindirmədən əvvəl prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və onların hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Təqsirləndirilən şəxsin vəsatətləri təmin edildi
Daha sonra təqsirləndirilən Ruben Vardanyan məhkəməyə bir neçə vəsatət təqdim edib. O, müdafiə tərəfinin əvvəlcədən iclas protokolları ilə tanış olmaq üçün müraciət etdiyini xatırladaraq, vəkili Avraam Bermanın onun iştirakı olmadan da protokollarla tanış olmasına şərait yaradılmasını xahiş edib. İclasa sədrlik edən hakim Zeynal Ağayev vəsatətin təmin olunduğunu və bunun təqsirləndirilənin hüququ olduğunu vurğulayıb. O, Ruben Vardanyana və vəkili Avraam Bermana iclas protokolları ilə tanış olmaq üçün daim şərait yaradıldığını və bundan sonra da yaradılacağını bildirib.
Ruben Vardanyan həmçinin, bütün məhkəmə iclaslarından əvvəl vəkili ilə konfidensial görüşmək imkanının yaradılmasını istəyib. O, yaranan sualları vəkili ilə müzakirə etmək niyyətində olduğunu söyləyib. Məhkəmə bu vəsatəti də təmin edib. Hakim Zeynal Ağayev qeyd edib ki, onsuz da hər iclasdan əvvəl onlara davamlı olaraq konfidensial görüş üçün imkan yaradılır və digər hüquqları kimi, bu hüquq da təmin ediləcək.
Üçüncü vəsatətində Ruben Vardanyan və vəkili, məhkəmə protokollarındakı qərarların çıxarışlarının onlara təqdim olunmasını tələb ediblər. Hakim Zeynal Ağayev, hansı iclasların protokollarının qərarlarının çıxarışları ilə tanış olmaq istədikləri barədə məhkəməyə siyahı təqdim etmələrini istəyib. Həmin siyahıya uyğun olaraq sənədlərin müdafiə tərəfinə çatdırılacağı qeyd olunub. Ruben Vardanyan məhkəmənin keçirildiyi altı ay müddətində verdiyi bütün vəsatətlərlə bağlı qərarların çıxarışları ilə tanış olmaq istədiklərini bildirib. Hakim həmin çıxarışların bir hissəsinin artıq verildiyini, digərlərinin də təqdim olunacağını söyləyib. Ruben Vardanyanın vəkili Avraam Berman da müvəkkilinin vəsatətlərini dəstəklədiyini bildirib.
Zərərçəkmişlərin ifadələri
Sonra zərərçəkmişlərin ifadələri dinlənilib. Zərərçəkmiş şəxsin hüquqi varisi Ramil Manafov bildirib ki, övladı Qiyas Manafov Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin atdığı minaatan mərmisinin partlaması nəticəsində 19 yaşında həlak olub.
Zərərçəkmiş Beyrək Zülfüqarov qarşı tərəfin açdığı atəş nəticəsində güllə yarası aldığını qeyd edib və hadisənin Xocavənd istiqamətində baş verdiyini təsdiqləyib. Minuri Səfərli ifadəsində minaatan mərmisinin partlaması nəticəsində sol ayağından xəsarət aldığını, hadisə zamanı yanında olan Vüsal Lətifovun da yaralandığını diqqətə çatdırıb. Sədi Əliyev Xocavənddə Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin atdığı əl qumbarasının partlaması nəticəsində xəsarət aldığını bildirib.
Əli Zeynalov Ağdam rayonunda düşmənin basdırdığı minaya düşməsi nəticəsində müxtəlif xəsarətlər aldığını söyləyib. Cavid Şavqatlı isə Ağdamda Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin atdığı minaatan mərmisinin yaxınlığında partlaması nəticəsində yaralandığını qeyd edib. Rüstəm Rüstəmov Kəlbəcər rayonunun Vəng kəndində düşmənin açdığı artilleriya atəşi nəticəsində qəlpə yarası aldığını, Salman Budaqov isə Kəlbəcərdə düşmənin atdığı əl qumbarasının partlaması nəticəsində yaralandığını deyib. Gəray Ağayev Xocalıda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində yaralandığını ifadə edib.
Sənan Məmmədov Ağdamda düşmənin açdığı atəş nəticəsində başının arxa tərəfindən yaralandığını, hadisə zamanı ölənlərin və yaralananların olduğunu bildirib. Rabil İsmayılov qarşı tərəfdən atılmış minaatan mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində xəsarət aldığını söyləyib. Nurlan Tarverdiyev Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin dronla atdığı mərminin partlaması nəticəsində sol qolundan yaralandığını, Rəşad Süleymanlı isə Xocavənd rayonunda düşmənin atdığı mərminin partlaması nəticəsində xəsarət aldığını deyib.
Fəqan Muradov Ağdərə rayonu istiqamətində düşmənin açdığı atəş nəticəsində yaralandığını, Konsul Qasımov Xocalı istiqamətində Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən törədilmiş partlayış nəticəsində kəllə-beyin travması aldığını bildirib. Sadiq Şəkərov Ağdam rayonunda düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində xəsarət aldığını, Fəxri Məmizadə Xocavənddə Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin iriçaplı silahdan açdığı atəş nəticəsində xəsarət aldığını vurğulayıb.
Kənan Mahmudov Ağdam rayonunda düşmənin atdığı qumbaranın partlaması nəticəsində əl, ayaq, göz və bədəninin müxtəlif hissələrindən xəsarətlər aldığını, hadisə zamanı bir nəfərin həlak olduğunu, iki nəfərin də yaralandığını deyib. Əmir Yusifov Kəlbəcərdə Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin atdığı minaatan mərmisinin partlaması nəticəsində yaralandığını, İzzət Vəliyev isə Kəlbəcər rayonunda düşmənin açdığı snayper atəşi nəticəsində yaralandığını bildirib. Rövşən Nuriyev, Natiq Qasımzadə, Murad Sadıq adlı digər zərərçəkmişlər də düşmənin təxribatları nəticəsində müxtəlif xəsarətlər aldıqlarını qeyd ediblər. Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barəsində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan olunub.
Növbəti iclas və ittiham aktı
Məhkəmənin növbəti iclası iyulun 22-nə təyin edilib. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.