8 saylı Cəzaçəkmə Müəssisəsindən Ciddi Şikayətlər
8 saylı cəzaçəkmə müəssisəsindən redaksiyamıza daxil olan məlumatlara görə, müəssisənin yeni təyin edilmiş baş həkimi, ədliyyə kapitanı Ruslan Məmmədovla bağlı ciddi narazılıqlar yaşanır. Şikayət edən şəxs, məhkum, Qarabağ qazisi və şəhid qardaşı Həsənov Zaur İbrahim oğlu bildirir ki, müəssisədəki məhkumlar həkimin fəaliyyətindən olduqca narazıdırlar.
Həkim Ruslan Məmmədova Qarşı İddialar
Şikayətçinin sözlərinə görə, baş həkim xəstə məhkumları müayinə etmir, onlara vurulan iynələrdən sonra vəziyyətləri daha da pisləşir. Qeyd olunur ki, Ruslan Məmmədov müəssisəyə təyin edildikdən bu yana altı-yeddi məhkumun cəsədi oradan çıxarılıb. Həmçinin məhkum qazi, həkimin onu təhqir etdiyini və ölkə rəhbərinin adından böhtan xarakterli sözlər səsləndirdiyini iddia edir. Dərman istədikdə, həkimin “Siz bilmirsiniz ki, ölkə rəhbəri sizin üçün ayrılan dərmanları Ukraynaya humanitar yardım üçün göndərir? Sizə dərmanı haradan verim? Mənə də yuxarıdan plan qoyublar, o planı yerinə yetirməsəm öz cibimdən verim? Pulunu ödə, dərmanı al” deməklə həm dövlət başçısının nüfuzuna xələl gətirməyə çalışdığı, həm də onun adından əsassız iddialar səsləndirdiyi vurğulanır.
Dərman Satışı və Qarabağ Qazilərinə Qarşı Münasibət
Baş həkim Ruslan Məmmədov haqqında şikayətlər bununla bitmir. Redaksiyamıza daxil olan məlumatlara əsasən, o, dövlətin məhkumlar üçün ayırdığı tibbi ləvazimatları və dərmanları pul qarşılığında satır. Maddi imkanı olmayan məhkumlar şikayət edəcəklərini bildirdikdə, onlara “Gedin kimə istəyirsiniz şikayət edin, mənim pulum da var, nüfuzlu əlaqələrim də. Mənə heç nə olmaz” deyə cavab verdiyi iddia edilir. Qeyd olunur ki, həkimin Qarabağ müharibəsi qazisi olan məhkumlara münasibəti də birmənalı deyil. Şikayətçi bildirir ki, həkim onu təhqir edərək, “Nə edim, Qarabağ qazisisən? Sizi heç ölkə rəhbəri adam yerinə qoymur. Əsl qazilər 2020-ci ildə torpaqları azad edənlərdir, siz torpağı satan xainlərsiniz” ifadələrini işlədib. Bu cür sözlərlə o, həm səlahiyyət həddini aşıb, həm də Prezident, Ali Baş Komandan İlham Əliyevin hər iki Qarabağ qazisinə dövlət dəstəyi göstərilməsi barədə verdiyi əmri qulaqardına vurub.
Səhiyyə Xidmətindəki İddia Edilən Anormallıqlar
Bu cür şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi dövlətimizə zərbə vurur və Ali Baş Komandanın əmrlərini heçə sayaraq onun nüfuzunu sarsıtmağa çalışır. Baş həkim unudur ki, onun təhqir etdiyi qazilər Prezident İlham Əliyevin əmrlərinə göz qırpmadan tabe olan və düşmənə göz açdırmayan əsgərləridir. Ölkə rəhbərinin əsgərlərinə bu cür münasibət həm dövləti gözdən salır, həm də xalqı ölkə rəhbərinə qarşı çıxardır. Son olaraq, bir neçə gün əvvəl 8 saylı cəzaçəkmə müəssisəsində qeydə alınan ölüm hadisəsi də bu iddiaları daha da qüvvətləndirir. Şikayətçinin dili ilə desək: “Xəstələrdən birinin vəziyyəti kəskin pisləşmişdi. Həkim onu qəbul etmədi və xəstənin ağciyəri zədələndi. Müəssisədə çalışan polis nəfərləri həkimə zəng edərək “Məhkum ölür, heç olmasa indi gəl kömək et” desələr də, cavabı belə olub: “Ölürsə, mən onu həyata necə qaytarım? Aparın morqa getsin, mən nə edə bilərəm ölənə?”
Aidiyyəti Qurumlara Çağırış
Ümid olunur ki, Ədliyyə naziri Fərid Əhmədov, Baş Prokuror Kamran Əliyev və 8 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi məsələni nəzarətə alacaq və iddialar sübuta yetirilərsə, lazımi tədbirlər görüləcək. Bir daha qeyd edək ki, yazılanlar sadəcə məhkumlardan birinin iddiasıdır və bu iddiaların araşdırılması, doğruluğunun müəyyən edilməsi səlahiyyətli qurumların üzərinə düşür.