“Azərbaycanın azad olunan digər əraziləri kimi, həmin 8 kənd də işğaldan azad olunmalıdır. Çünki bu, Azərbaycanın beynəlxalq hüquqla tanınan haqqıdır”.
Bu sözləri Yenisabah.az-a açqılamasında Milli Məclisin deputatı Hikmət Məmmədov (Babaoğlu) deyib.
O, Azərbaycan Xarici İşlər Nazirliyinin 8 Noyabr – Zəfər Günü münasibətilə yaydığı bəyanatda Qazaxın 7 (Barxudarlı, Sofulu, Xeyrimli, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskirapa, Bağanıs Ayrım – red.) və Naxçıvanın Kərki kəndinin hələdə işğal altında olması ilə bağlı məlumatları şərh edib.
Millət vəkili xatırladıb ki, Azərbaycan müharibədən ötən 3 il müddətində bütün danışıqlarda 8 kəndin qaytarılmasını tələb edib və bu məsələni daim gündəmdə saxlayıb:
“Ona görə də bu fikrin yenidən təkrar olunmasını hər hansı bir müharibənin başlanğıcı və onun anonsu kimi dəyərləndirmək doğru olmazdı. Çünki Azərbaycanın bu məsələdəki mövqeyi prinsipialdır, ardıcıldır və həmişə gündəmdə olub”.
H. Babaoğlu iddia edib ki, əgər Ermənistan buna etiraz edərsə, yaxud növbəti raund danışıqlarda bu məsələni qəbul etməzsə, onda Azərbaycanın hər cür tədbiri görmək hüququ var:
“Təcrübə göstərir ki, Azərbaycan bunu etməyi bacarır. Ancaq Ermənistan tərəfi də 8 kəndlə bağlı məsələni etiraf edir, sadəcə, İrəvan nədənsə onları qaytarmağa tələsmir və hesab edir ki, bu, danışıqların hansısa mərhələsində mümkün ola bilər”.
Müsahibimiz düşünür ki, Azərbaycan Xarici İşlər Nazirliyinin indiki mövqeyi Azərbaycanın hansısa radikal qərarlar qəbul etməsindən daha çox xüsusi bir xatırlatma kimi qəbul edilməlidir:
“Nazirlik bir daha İrəvana xatırladır ki, Azərbaycanın 8 kəndi işğal altındadır və Azərbaycan bunu mütləq qaytaracaq. Eyni zamanda Azərbaycan və Ermənistan arasında mümkün sülhü manipulyasiya edən çoxsaylı güc mərkəzləri var ki, onlar da bəzən Azərbaycanın sülhlə bağlı mövqeyini tənqid edirlər”.
Müsahibimizin fikrincə, Xarici İşlər Nazirliyinin sonuncu bəyanatı həm də onlara verilən bir mesajdır ki, Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi və kommunikasiyaları açmadığı halda Azərbaycanı sülhdən yayınmaq kimi bir məsələdə ittiham etmək doğru deyil:
“Üstəlik, Azərbaycanın 8 kəndi hələ də Ermənistanın işğalı altındadır. Belə olan halda sülhün bu günə qədər əldə olunmamasının günahkarı şübhəsiz ki, Ermənistandır. Yəni bu, bir daha həm Ermənistana, həm də Azərbaycanın sülhpərvər mövqeyini manipulyasiya etmək istəyən güc mərkəzlərinə xatırlatmadır ki, Ermənistan hələ də işğalçıdır və sülh istəmir”.
Siyasətçiyə görə, hazırda biz o mərhələdəyik ki, Azərbaycan sülhə bağlı sonuncu təkliflərini Ermənistan tərəfinə göndərsə də, hələlik rəsmi İrəvan buna cavab verməyib:
“Əminəm ki, həmin sülh təkliflərində bütün bu məsələlər, o cümlədən 8 kəndin qaytarılması məsələsi kompleks şəkildə ermənilərə təqdim olunub. Hesab edirəm ki, hadisələrin hansı ssenari üzrə inkişaf edəcəyi İrəvanın Bakının sülh təklifinə verdiyi cavabdan asılı olacaq”.
xeberxetti.com