Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Vətən müharibəsində Ermənistan tərəfindən ikinci dəfə raket atəşinə tutulmasından 3 il keçir.
Ermənistan 2020-ci il oktyabrın 5-də Gəncəyə raket atıb.
Hücum nəticəsində üç mülki şəxs yaralanıb.
Qeyd edək ki, Ermənistan 2020-ci il oktyabrın 4-də səhər saat 10 radələrində Gəncəyə ilk dəfə raket atıb.
Raketlər Gəncədə mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadıqları ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşüb.
Düşmən tərəfindən Gəncənin bombalanması nəticəsində bir mülki şəxs – Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 32 mülki şəxs isə yaralanıb. Yaşayış evləri ilə yanaşı, mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib.
Ermənistanın bu addımı müharibənin getdiyi Qarabağ bölgəsindən kənarda edilən ilk ciddi hücum idi.
Bütün faktlarla bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.
Bərdə rayonu və şəhər mərkəzi isə İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 3 dəfə (5, 27 və 28 oktyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.