Rusiya prezidenti Vladimir Putin İslam dünyasının sürətlə inkişaf etdiyini, ticarət və maliyyə sahələrində nəzərəçarpacaq uğurlar əldə etdiklərini bildirib. Xarici medianın məlumatına görə, Kreml Rusiya və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin iqtisadi nümayəndələrinin bir araya gələcəyi “Rusiya-İslam Dünyası: Kazan Forumu 2023” münasibəti ilə Putinin müraciət mesajını yayıb.Forum çərçivəsində Rusiya Federasiyasına bağlı Tatarıstan Respublikasının paytaxtı Kazanın çoxlu sayda xarici qonağı qəbul edəcəyinə diqqət çəkən Putin, “Rusiya ənənəvi olaraq müsəlman dövlətləri ilə həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq çərçivəsində sıx və etibarlı münasibətlərə malikdir” – deyib.Bu əlaqələrin tərəfdaşlıq və qarşılıqlı hörmətə əsaslandığını bildirən Putin deyib:“Biz beynəlxalq hüquqa əsaslanan daha ədalətli, çoxqütblü dünya nizamına sadiqliyimizdə həmrəyik. Bu gün İslam ölkələri sürətlə inkişaf edir, ticarət və maliyyə, innovasiya və tətbiqi tədqiqatlarda nəzərəçarpacaq nailiyyətlər əldə edirlər. Rusiya bu ölkələrlə mümkün qədər geniş ticarət və humanitar əməkdaşlığa açıqdır. Biz qurulmuş əlaqələrimizi gücləndirmək, yeni tərəfdaşlar əldə etmək, kənd təsərrüfatı və sənaye sahəsində əməkdaşlığı təşviq etmək və yeni logistik zəncirlər yaratmaq istəyirik.Bu forum buna inandırıcı sübutdur. Əminəm ki, Rusiya-İslam Dünyası Strateji Baxış Qrupunun və Kazan Forumunun fəaliyyəti Rusiya və müsəlman ölkələrinin işgüzar dairələri arasında qarşılıqlı əlaqəni daha da gücləndirəcək, regional və hökumətlərarası səviyyədə birgə layihələr üçün yeni imkanlar yaradacaqdır”.Kazan Forumu mayın 18-20-də keçiriləcək.
Mənbə
Xeberxetti.com