Türkiyə müxalifəti əmindir ki, onun namizədi Kamal Kılıçdaroğlu hakimiyyətə gələrsə, ölkənin Aİ-yə daxil olması ilə bağlı danışıqları dondurmaq mümkün olacaq.
Bunu “Politico” qəzetinə müsahibəsində Kılıçdaroğlunun xarici siyasət müşaviri Ünal Çeviköz deyib. Onun sözlərinə görə, müxalifət hakimiyyətə gələcəyi təqdirdə daxili siyasətdə normallaşma prosesinə başlamağı planlaşdırır ki, bu da “müttəfiqlərimiz və bütün Avropa ölkələri tərəfindən Türkiyənin mövqeyinə dair təsəvvürləri ciddi şəkildə dəyişəcək”. Ənənəvi olaraq Türkiyənin Aİ-yə daxil olmasına qarşı çıxan Fransa və Avstriyanın mövqeyinə toxunan Çeviköz qeyd edib ki, Ərdoğanın Avropa ilə “qarşıdurmasına” son qoymaq üçün diplomatik prosesi bərpa etmək vacibdir. “Bu, Türkiyənin dərhal Aİ-yə üzv olacağı anlamına gəlmir, bu, bir prosesdir və vacibdir. Biz istəyirik ki, ölkəmiz demokratik və sivil xalqlar birliyinin üzvü olsun”, – müşavir bildirib. O, həmçinin qeyd edib ki, müxalifət İsveç və Finlandiyanın NATO-ya daxil olmasına qarşı çıxmaq niyyətində deyil. Onun sözlərinə görə, bu ölkələrin alyansa üzv olması “NATO-nun təhlükəsizliyini gücləndirəcək”. Çeviközün fikrincə, Türkiyə Kılıçdaroğlunun liderliyi ilə onun qələbə qazanacağı təqdirdə Rusiya Federasiyası ilə Ukrayna arasında, o cümlədən taxıl sövdələşməsinin həyata keçirilməsində vasitəçi olmağa davam edəcək. “Rusiya Federasiyası ilə münasibətlərimizdə Türkiyənin NATO-nun üzvü olduğunu xatırladacağıq, münasibətləri mütləq bərabərhüquqlu şəkildə hədəfləyəcəyik”, – o bildirib. Yunanıstanla münasibətlərdən danışan müşavir qeyd edib ki, Afinanın Türkiyədəki zəlzələyə reaksiyası “münasibətlərdə yeni mühit yaratmaq imkanı verib”. Şahanə Rəhimli Xeberxetti.com
Teqlər: