“Mehrab Group” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru, “Faktura.az” şirkətinin rəhbəri və “LAMİH” İctimai Birliyi sədri İzmir Mehrabov növbəti dəfə məhkum edilib. Qaynarinfo xəbər verir ki, o, Cinayət Məcəlləsinin 178.2.3 (Dələduzluq – şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4 (Dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinib. Ötən il isə İzmir Mehrabov il Cinayət Məcəlləsinin 308.1 (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə mühakimə olunub. Nəsimi Rayon Məhkəməsi onu bu maddələr üzrə təqsirli bilinib. Onun barəsində 2 il 9 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.Növbəti cinayət əməlinin məhkəmə istintaqı zamanı bu iş də nəzərə alınıb. Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundovun hökmü ilə onun cəzaları toplanıb və barəsində 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. İzmir Mehrabov əvvəlki cinayət əməlinə görə təyin edilmiş cəzanın 7 ay 27 gününü çəkib. Bundan başqa, o, 25 fevral 2023-cü il tarixdən 3 mart 2023-cü il tarixədək həbsdə saxlanılıb. Onun həbsdə saxlanıldığı 6 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün (12 gün) hesablanıb. Beləliklə, İzmir Mehrabova təyin edilmiş 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından ümumilikdə 8 ay 9 gün müddət çıxılıb və onun üzərində 2 il 3 ay 21 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Mənbə
Xeberxetti.com