Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri Türkiyədə axtarış-xilasetmə əməliyyatlarına başlayıb.
Bu barədə “xeberxetti.com”a FHN-dən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədədir: “Artıq FHN-in xilasediciləri qardaş ölkədə zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində fəsadların aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına başlayıblar. Həyata keçirilmiş ilkin əməliyyatlar nəticəsində 1 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək”.




Mənbə
Xeberxetti.com